Seyid Əbdülqasım Nəbati 1812-ci ildə Qaracadağ mahalının Üştübin qəsəbəsində rühani ailəsində anadan olmuşdur. Onun əsli qədim dövrlərdən bəri Ərəbistanda, İranda və Azərbaycanda geniş yayılmış Nəbati tayfasındandır. Atası Seyid Mir Yəhya Möhtərəm Üştibində və yaxin mahallarda dərvişlik edir, müxtəlif islami əqidələri yayırdı. Şair qoşmalarının birində öz əsil-nəsəbi barədə məlumat verərək yazır:
Meydani-eşq içrə seyirtdim atı,
Müsəxxər eylədim Rumu, Heratı.
Möhtərəm oğluyam, adım Nəbati,
Zatımız Haşimi, əslimiz ərəb.
Mənşə etibarilə ərəblərə gedib çıxan bu tayfaların içərisində farslar və türklər də var idi. Elə buna görə Nəbati “Gözlərim” rəfifli şerində özünə dair məlumatı dəqiqləşdirib yazırdı:
Bəççeyi –türkəm, dilim türki, kəlamın həcv-məcv,
Xançobani can alan cancanı gözlər gözlərim.
Nəbatinin uşaqlığı Üştibində və Qaracadağda keçmişdir. O, ilk təhsilini atasından almış, klassik poeziyanı, xüsusilə Hafiz yaradıcılığını və Şərq təsəvvüf ideyalarını dərindən öyrənmişdir. Yeniyetmə yaşlarında atasına qoşulub qələndərlik edən Nəbati Azərbaycanın çox yerlərini piyada gəzmişdir. Şeirlərindəki bioqrafik işarələrdən bilinir ki, o, Qaracadağdan başqa Qarabağda –Əsgəranda, Qırçında, Ağdamda, Hindarxda və Muğanda-Salyanda, Lənkəranda, habelə Təbrizdə, Xorasanda olmuş, bu yerlərin ədəbi-mədəni həyatı ilə maraqlanmışdır.
Seyid Əbdülqasım bir müddət dərvişlik edib, müridlər arasında nüfuz və hörmət qazanandan sonar Uştibində mürşid olmuş, kəramət sahibi kimi tanınmışdır.Gənclik illərində o, Əhərə gedib, dövrünün görkəmli, böyük təriqətçisi olmuş Şeyx Mahmud Şihabəddinin məqbərə və ziyarətgahında guşənişinlik etmiş, riyazətlə məşğul olmuşdur. Nəbatilik təriqətinin başçılarından olan şair dünya işlərindən kənarda qalıb, sufi həyat keçirmiş, hücrədə tənha yaşamaqla haqqa, həqiqət aləminə yetişib gizli sirlərdən xəbərdar olmaq istəmişdir. Şair şeirlərinin birində guşənişinliyi tərifləyərək yazmışdır:
Guşeyi-vəhdət nə əcəb ca imiş,
Sirri-nihan onda hüveyda imiş.
Aşiqi-divanələrin mənzili -
Rütbəyə bax, ərşi-müəlla imiş.
Qafil idim bu dili-viranədə,
Dil demə, oğlan, bu ki dərya imiş.
Müasirlərinin dediyinə görə Nəbati çox səxavətli, mərd və nəcib bir insane olmuşdur. İbadətdən ayrılıb camaat arasına çıxan zaman onun simasında xüsusi bir gözəllik, işiq, nur görünərmiş; özgə bir hala düşərmiş və bəzən şövqə gəlib eşqə, mey və məhəbbətlə dair şeir oxuyarmış. Aydın və şirin danişdığı üçün dinləyənləri valeh edərmiş. Müasirlərinin çoxu onunla həmsöhbət olmağı özlərinə şərəf bilərmiş.
Nəbati orta əsrlərin böyük mütəfəkkiri Nəmətullah Vəlinin şiə təriqətinin davamçılarından olmuş, əsərlərində onun sufi-təriqətinə görə Allaha çatmaq istəyən özünü (maddi aləmi) unutmalı, fənaya uğramalı, bu yolla haqqa qovuşmalıdır. Yalnız daxilən təmizlənib saflaşan insan “Ənəlhəqq” deyib özünü haqqa çatmış hesab edə bilər. Nəbati də bu yolu davam etdirərək, insanın mənəvi kamilləşmə yolu ilə Allah səviyyəsinə yüksələ biləcəyinə inanmışdır. O da böyük Azərbaycan şairi İmadəddin Nəsimi kimi “Ənəlhaqq” deyə Allahı insanın özündə, maddi mühitdə görmüşdür. Nəbati şeirlərinin birində deyir: “Bütün yaradılış bizdən başqa bir şey deyildir. Yerdə, göydə, dəniz və mədənlərdə bizdən başqa heç bir şey yoxdur”.
Lakin Nəbati dünya görüşü, həyata baxışları etibarilə ziddiyyətli şəxsiyyət olmuşdur. O bir tərəfdən dini ehkamları, xurafatı pisləyir, xalqı mövhumata səsləyən zahidi “kor gözlü uzunqulaq” adlandırır. “Mümkün olduqca eyşü-işrət qıl, fürsəti salma ruzi-miadə” –deyə müasirlərini həyatdan zövq almağa, şən, deyə-gülə yaşamağa çağırır, ikinci tərəfdən xalis dindar kimi çıxış edir. Özü də bir dinə qail olmur: gah islami, gah atəşpərəstliyi təqdir edir, gah da İslamı atıb Xristian olduğunu, xaça sitayiş etdiyini söyləyir. Hətta bəzən özünü qatı kafir adlandırır: “Əgər bu ruzigar əhli məndən xəbərdar olsalar, yəqinimdir ki, Sənanın küfrünə min yol şükür edərlər”.
Şair farsca şeirlərinin birində özünün daxili ziddiyyətlərini, bir-birini kəsən yollar ayrıcında mütərəddid qaldığını, mövcud həyatı, varlığı axıra qədər dərk edə bilmədiyini etiraf edib yazır:
Gah ağıllı, gah divanə oldum,
Gah abad, gah viranə oldum,
Gah xərabat içində sufi,
Gah da meyxanə süpürgəçisi oldum...
Gah abid oldum, gah brəhmən,
Gah məscid, gah bütxanə oldum,
Gah dərviş oldum, gah qələndar,
Gah məst, gah da məstanə oldum.
Həyatını maddi yoxsulluq və mənəvi ziddiyyətlər içərisində keçirən, gah qələndərlik, gah da dərvişlik edən Nəbati ahıl yaşlarında “Künci-Vəhdətdə təbah oldu əziz ömrüm, heyf” -deyə sufiyanə ömür sürməsinə təəssüflənir, peşmançılıq çəkir.Şair həyatın mənası, dünyanın əvvəl-axırı haqqında çox düşünüb-daşınsa da, yaradılışın gizli sirlərindən xəbərsiz qalır:
Yetdi ömrüm axirə, sən bir Nəbati bilmədim,
Kimdi bu gözdən baxan, ya dildə bu guya nədir.
Od tutub canım sərasər yandı, amma bilmədim
Dil nədir, dilbər nədir, başımda bu sevda nədir.
Bilmədim ömrümdə heç bir küfrü iyman hansıdır,
Əhmədü Mahmud kimdir, Müsəvü İsa nədir.
Nəbatinin həyatı ziddiyyətli və ağır keçmişdir. Şair rastlaşdığı çətinlikləri aradan qaldırmaq üçün müxtəlif vasitələrə əl atsa da, dövran, zəmanə onu həmişə məyus etmiş, kədərləndirmişdir. Şeirlərinin birində özünün qəmli, tutqun əhval-ruhiyyəsini ifadə edən şair lirik qəhramənın diliylə bu sözləri vermişdir:
Nə müddətdir məni-biçarə, yarəb, yarsız qaldım,
Pozuldu rövnəqim, dağıldı ev, pərkarsız qaldım.
Kimə izhar edim dərdim, hanı bir məhrəmi-əsrar?
Qəmim çox, qəmküsarım yox, əcəb qəmxarsız qaldım.
Nəbati 1873-cü ildə Üşitibində vəfat etmiş və orada kənd qəbiristanlığında dəfn olunmuşdur. Müasirləri şairin divanını qoruyub saxlamış, əsərlərini çağdaşlarımıza çatdırmışdır.


LinkBack URL
About LinkBacks





Reply With Quote

