HəyatıKod:yazan sayt www.big.az
Əliağa Məmmədqulu oğlu İsgəndərov (Əliağa Vahid)(1895, Bakı – 1.10.1965, Bakı) – Azərbaycan şairi. Azərbaycan əməkdar incəsənət xadimi (1943).
Mollaxanada oxumağa başlamış, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoymuş, xarratlıq etmişdir. Gənc yaşlarında Bakıdakı «Məcməüş-şüəra» ədəbi məclisində iştirak etmiş, Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri ilə lirik şerlər yazmışdır. Satirik şerlərində ictimai nöqsanları, möhumatı, zülm və haqsızlığı ifşa etmişdir. «Tamahın nəticəsi» adlı ilk kitabı nəşr olunmuşdur.
Azərbaycanda Sovet hakimiyyətinin qələbəsini rəğbətlə qarşılayan Vahid İnqilabi təbliğat sahəsində fəal çalışmış, yeni həyatı tərənnüm edən çoxlu şer: «Əsgər və fəhlə yoldaşlarıma», «Məktəb nə deməkdir», «Ucal, mələyim» və s. yazmış, «Kommunist» qəzetində, «Molla Nəsrəddin» jurnalında əməkdaşlıq etmişdir. «Kupletlər» (1924), «Mollaxana» (1938) kitablarındakı şerlərdə yeniliyə Mane olanlar, kəskin satira atəşinə tutulur. Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə («Döyüş qəzəlləri», 1943; «Qəzəllər», 1944 kitabları) Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edirdi.
Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Nizami, Xaqani, Füzuli, Nəvai və b.-nın qəzəllərini Azərbaycan dilinə tərcümə etmişdir.
Yaradıcılığı
***
Hər kim mənə tən eyləsə meyxanələr içrə,
Qan olsun onun badəsi peymanələr içrə.
Öz xəlqinə hər kim mey içib versə əziyyət,
Olsun yeri bayquş kimi viranələr içrə.
Mümkünsə fəsad əhli ilə həmqədəh olma,
Nöqsan yetirər şəninə biganələr içrə.
Cəhd eylə o kəslərlə çalış, badəni qaldır
İnsan kimi zövq artıra məstanələr içrə.
Pərvanə əgər şəmə yanır atəşi qəmlə
Mən də yanıram hər gecə pərvanələr içrə.
Bir zülfü siyah dilbərə çoxdandır əsirəm,
Məhşuram o gündən bəri divanələr içrə.
Vahid biləcək qədrini sərraf əgər olsa,
Saxlar bu gözəl şerini dürdanələr içrə.
Gözəldir
Hər aşiqə öz istədiyi yarı gözəldir,
Hər bülbülə öz sevdiyi gülzarı gözəldir.
İlqarı gözəl olmayanı istəməz aşiq,
Can ver elə cananə ki ilqarı gözəldir.
Mən bir uca boylu gözəlin zülfünə bəndəm
Rüxsarı gözəl, şivəsi, rəftarı gözəldir.
Yüzlərlə gözəl başqa vilayətdə də çoxdur,
Amma bizim ölkə bütün - elcari gözəldir.
Yar olsa mənimlə mənə biganə nə eylər?
Uçmaz elə bir xanə ki memarı gözəldir.
Mən istədiyimçün o gülü qeyri də sevdi
Qiymətli o şeydir ki xiridarı gözəldir.
Vahid, mənə insaf elə, sima ilə baxma,
Əhsən elə bir şairə əşarı gözəldir.
Tələsmə
Səbr eylə könül, möhnəti hicranə tələsmə,
Dərd əhli yetər səbrlə dərmanə, tələsmə.
Kam almayacaq ayrılığa bais olanlar,
Aşiq yetəcək sevgili cananə tələsmə.
Pərvanə əgər yansa da şəmin sitəmindən,
Şəmin də yaxar ömrünü pərvanə tələsmə.
Zahid çalışır yıxmağa meyxanə binasın,
Məscid qalacaq, əksinə, viranə, tələsmə .
Gül zövqünü çəkmək əbədi xarə də qalmaz,
Bülbül gələr əlbətdə gülüstanə tələsmə.
Gündən-günə artır bu gözəl huriliqalar
Dünya dönəcək cənnəti rizvanə tələsmə.
Vahid içəcəksən demə ki tövbələr olsun,
Cəlb eyləyər axır səni meyxanə tələsmə.
Bəs nə deyim?
Mən o şuxə güli-rəna deməyim, bəs nə deyim?
Aşiqə bülbülü-şeyda deməyim, bəs nə deyim?
Min gözəl görsə gözüm, bir kərə doymaz könlüm,
Bu kiçik qətrəyə dərya deməyim, bəs nə deyim?
Mən əgər eşqidə Məcnun deyiləm bəs nəçiyəm?
Sevdiyim dilbərə Leyla deməyim, bəs nə deyim?
Çırpınır quş kimi hər zülfünü gördükcə könül,
Mən bu divanəyə rüsva deməyim, bəs nə deyim?
Gözlərin həsrətini çəkməyən aşiq yoxdur,
Sənə mən afəti-dünya deməyim, bəs nə deyim?
Bu şirinlik, bu lətafət ki, sənin var gözəlim!
Sənə güldən də mən əla deməyim, bəs nə deyim?
Eşqidən bir bu qədər söyləmək olmaz Vahid,
Mən bu məcnunluğa sevda deməyim, bəs nə deyim?
Dedim:-Ey qönçə dəhan könlümü qan eyləmisən
Dedi:-Bica yerə eşqimdən fəqan eyləmisən
Dedim:-İnsaf elə incıtmə məni aşiqinəm
Dedi:-Get sirrimi aləmə bəyan eyləmisən
Dedim:-Ağlatma məni sərv boyun şövqündə
Dedi:-Göz yaşımı bihudə rəvan eyləmisən
Dedim:-Axır gözəlim bağu-baharım sənsən
Dedi:-Sən ömrünü həsrətlə xəzan eyləmisən
Dedim:-Az çəkməmişəm gözlərinin həsrətini
Dedi:-Öz könlünü yersiz nigaran eyləmisən
Dedim:-Eşqində əsirəm bəs mənə xeyri nədi
Dedi:-Əvvəldə bu sevda da ziyan eyləmisən
Dedim:-Eş atəşi neylər mənə qorxan deyiləm
Dedi:-Biçarə yanarsan nə güman eyləmisən
Dedim:-Ey gül mən əzəldən də gözəl aşiqiyəm
Dedi:-Sən ruhini eşq iylə cavan eyləmisən
Dedim:-Hər gün səri-kuyində dolanmaqdır işim
Dedi:-VAHİD nə gözəl yerde məkan eyləmisən


LinkBack URL
About LinkBacks




Reply With Quote
