+ Reply to Thread
1`dan(dən) 4`ə(a/ya/yə) qədər. Cəmi 4.

Mövzu: Xəstə Qasım (18 əsr)

  1. #1
    İrazturk forumun Müəlliməsı Azerbaycan_Qizi's Avatar
    Qeydiyyat
    Oct 2008
    Ünvan
    Azərbaycan
    İsmarıclar
    1,094

    Level: 38 
    Təcrübə: 1,328,986
    Next Level: 1,460,206

    Thanks
    2,061
    Thanked 3,987 Times in 1,056 Posts

    Post Xəstə Qasım (18 əsr)

    Xəstə Qasım (18 əsr)

    Xəstə Qasım Cənubi Azərbaycanın Tikmədaş kəndində anadan olmuşdur:

    Xəstə Qasım Tikmədaşlı,
    Əli qanlı, gözü yaşlı.
    Göldən çıxıdı yaşıl başlı,
    Silkindi sonalar kimi.

    Aşıq poeziyasında qoşma, gəraylı, deyişmə və ustadnamələri ilə məşhurdur. Ustad aşığın yaradıcılığında gözəlliyin, məhəbbətin tərənnümü, xalqımızın əsrlərin sınağından çıxmış mənəvi dəyərlərinin təbliği aparıcı yer tutur. "Xəstə" təxəllüsü ilə yazıb-yaratmış aşıq öz əsərlərində həyatdan, taleyindən şikayətlənmişdir.




    Olmaz

    Dəli könül, nə divanə gəzirsən?
    Bivəfa dilbərdən sənə yar olmaz.
    Düz çıxmaz ilqarı, əhdi-peymanı,
    Hərcayıda namus, qeyrət, ar olmaz.

    Üz vermə nadana, sirr vermə pisə,
    Axır qəlbin ya inciyə, ya küsə.
    Ot bitər kök üstə, əsli nə isə,
    Yovşan bəsləməklə çəmənzər olmaz.

    Vəfalıya əmək çəksən itirməz,
    Bədəsil nəsihət, öyüd götürməz.
    Qabaq tağı tər şamama bitirməz,
    Göy söyüddə heyva olmaz, nar olmaz.

    Təklif olunmamış bir yerə varma,
    Nər olmaz meydanda hər bığıburma.
    Seyrəqib adama sən yaxın durma,
    Xain çıxar, onda düz ilqar olmaz.

    Xəstə Qasım günü keçmiş qocadı,
    Gələn bəzirgandı, gedən xocadı.
    Sərv ağacı hər ağacdan ucadı,
    Əsli qıtdı, budağında bar olmaz.




    ♥♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥♥
    ♥♥---==-♥♥°° ------ Sən bizimsən bizimsən,
    Durduqca bədəndə can
    Yaşa yaşa çox yaşa
    Ey şanlı AZƏRBAYCAN ------ °°♥♥-==---♥♥
    ♥♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥♥


  2. Azerbaycan_Qizi Kullanicisina Bu Mesaja görə Təşəkkür Edənlər:

    yurd sevan (Monday 27 July 2009-1)

  3. #2
    İrazturk forumun Müəlliməsı Azerbaycan_Qizi's Avatar
    Qeydiyyat
    Oct 2008
    Ünvan
    Azərbaycan
    İsmarıclar
    1,094

    Level: 38 
    Təcrübə: 1,328,986
    Next Level: 1,460,206

    Thanks
    2,061
    Thanked 3,987 Times in 1,056 Posts

    Post Xəstə Qasım-gəraylılar

    XƏSTƏ QASIM
    GƏRAYLILAR


    DÜNYA

    Gəl bir səndən xəbər alım,
    Süleymandan qalan dünya.
    Əzəli gül kimi açıb,
    Axırında solan dünya.

    De görüm nəyə talıbsan,
    Dərsini kimdən alıbsan?
    Neçə min yol boşalıbsan.
    Neçə min yol dolan dünya.

    Xəstə Qasım qalıb naçar,
    Bu sirri bəs kimlər açar?
    Gələn qonar, qonan köçər,
    Hey salarsan talan dünya.

    ________________________________

    KİMİ

    Nə baxırsan oğrun-oğrun,
    Mənə biganələr kimi.
    Durum dolanım başına,
    Şama pərvanələr kimi.

    Bağbanlar bəslər meyini,
    Dönsün seyrağıb löyünü,
    Yıxıbsan könlüm öyünü,
    Top dəymiş qalalar kimi.

    Gəl gedək Çinə, Maçına,
    Qurbanam zülfün ucuna,
    Al məni qoynun içinə,
    İstəkli balalar kimi.

    Dost qapısında dustağam,
    Tellərinə çox müştağam,
    Yar əlindən düyün-dağam,
    Dağdakı lalalar kimi.

    Xəstə Qasım Tikmədaşlı,
    Könlü qəmli, gözü yaşlı,
    Göldən çıxdı yaşılbaşlı,
    Silkindi sonalar kimi.


    _________________________________

    GÖRDÜM

    Məqabirdən güzar etdim,
    Əcayib mərdüman gördüm.
    Qaranqu torpaq altında,
    Yatar cismilə can gördüm.

    Yoluxdum bir günahkara,
    Günahından üzü qara,
    Mətaından ziyan vara,
    Bəqayət peşiman gördüm.

    Sınıx saxsı kimi başlar,
    Çürümüş ol qələm qaşlar,
    Tökülmüş inci tək dişlər,
    Yanar pirü-cavan gördüm.

    Yumulmuş ol ala gözlər,
    Qiyamət yolunu gözlər,
    Hanı şirin, şəkər sözlər,
    Dəhani-bizəban gördüm.

    Çürümüş ol gül əndamı,
    Tanımaz sübh ilə şamı,
    Alıbdı çöhrəsin hamı,
    İlan gördüm, çayan gördüm.

    Kimi eyş ilə işrətdə,
    Kimi zövq ilə söhbətdə,
    Kimi rənc ilə möhnətdə,
    Qatı halın yaman gördüm.

    Qübur əhli sifatini,
    Bəyan etdin sən, ey Qasım,
    Oturma yol qırağında,
    Dəxi sındır haman, gördüm.


    _________________________________

    BAŞINA DOLANDIĞIM

    Yaxşı olar qohum, qardaş,
    El, başına dolandığım.
    Harda görsən, yara yalvar,
    Dil, başına dolandığım.

    Budu gəldi bahar vaxtı,
    Sinəm oldu yarın taxtı,
    Soyuldu bülbülün rəxti
    Gül, başına dolandığım.

    Qaşların qurar divanı,
    Taxtdan salar Süleymanı,
    Xəstə Qasımın cananı,
    Al, başına dolandığım.


    ________________________________

    YOLDAN EYLƏRSƏN

    Gözəl, səndə nə qaydadı,
    Gedəni yoldan eylərsən.
    Salarsan eşqin oduna,
    Ulusdan, eldən eylərsən.

    Mən ha billəm sən əttarsan,
    Qənd ilə noğul satarsan,
    Dəryalara tor atarsan,
    Sonanı göldən eylərsən.

    Gözəl, nə bildin halımı,
    Əyibsən qəddi-dalımı,
    Mən Qasıma bu zülümü,
    Kim eylərdi, sən eylərsən.


    ________________________________

    YOXDU

    Ay qəsrdə duran gözəl,
    Niyə təksən, elin yoxdu?
    Niyə pozğundu tellərin,
    Əl şanada, telin yoxdu?

    Mən gəlirdim dağdan-daşdan,
    Sinəm yanır qəm-ataşdan,
    Ayrılmısan yaşılbaşdan,
    Tək sonasan, gölün yoxdu?

    Gəl dərdin Qasıma söylə,
    Bağrımın başını teylə,
    Qonağa xoş gəldin eylə,
    Yoxsa, lalsan, dilin yoxdu?


    __________________________________

    ÇIXARIR

    İsfahanda bir dəllək var,
    Baş qırxanda zol çıxarır.
    Ətindən az-az götürür,
    Dərisini bol çıxarır.

    Ayağını qoyur qoşa,
    Ülgücünü çəkir daşa,
    Zərbi elə gəlir başa,
    Tikmədaşa yol çıxarır.

    Bir fətəsi vardır bezdən,
    Durub gəlir səhər tezdən,
    Yarı haqqın alıb bizdən,
    Yenə acı dil çıxarır.

    Ülgücünü çapışdırır,
    Suyu tasdan qapışdırır.
    Kəsir, pambıq yapışdırır,
    Başımızdan kol çıxarır.

    Bu usta necə ustadı,
    Həmişə gözü tasdadı.
    Xəstə Qasım can üstədi,
    Elə bilir pul çıxarır.


    ________________________________

    EYLƏRLƏR

    Bu zamanda ilqar handa,
    Aşnaları yad eylərlər.
    Yeyərlər nanü-nəməki,
    Beş gündə bərbad eylərlər.

    Yaram sızlar, təbib naşı,
    Didəmdən axıdır yaşı.
    Yar yolunda verrəm başı,
    Bilsəm ki, imdad eylərlər.

    Mənim yarım fitnə qaşlı,
    Cigərim tüğyan ataşlı,
    Dostu qoyub gözüyaşlı,
    Düşmənləri şad eylərlər.

    Məcnun kimi divanəni,
    Şəm yandırır pərvanəni.
    Xəstə Qasım biçarəni,
    Öldürübən ad eylərlər.

    _________________________________

    DÜŞDÜ, QAR DÜŞDÜ

    Ay həzərat, ay camaat,
    Dağa qar düşdü, qar düşdü.
    Özüm qaldım qürbət eldə,
    Yada yar düşdü, yar düşdü.

    Gedin deyin anasına,
    Sığal versin sonasına,
    Yar, sinənin arasına,
    Bir cüt nar düşdü, nar düşdü.

    Xəstə Qasımı qəm basdı,
    Yar bizi zülfündən asdı,
    Şeyda bülbül güldən küsdü,
    Gülə xar düşdü, xar düşdü




    ♥♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥♥
    ♥♥---==-♥♥°° ------ Sən bizimsən bizimsən,
    Durduqca bədəndə can
    Yaşa yaşa çox yaşa
    Ey şanlı AZƏRBAYCAN ------ °°♥♥-==---♥♥
    ♥♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥♥


  4. Azerbaycan_Qizi Kullanicisina Bu Mesaja görə Təşəkkür Edənlər:

    yurd sevan (Monday 27 July 2009-1)

  5. #3
    İrazturk forumun Müəlliməsı Azerbaycan_Qizi's Avatar
    Qeydiyyat
    Oct 2008
    Ünvan
    Azərbaycan
    İsmarıclar
    1,094

    Level: 38 
    Təcrübə: 1,328,986
    Next Level: 1,460,206

    Thanks
    2,061
    Thanked 3,987 Times in 1,056 Posts

    Post Xəstə Qasım-qoşmalar

    XƏSTƏ QASIM-QOŞMALAR

    NECOLA

    Ay ağalar, nakam getdim dünyadan,
    Yarəb, mənim xanımanım necola?
    Gövhərtək sözlərim, bayatılarım,
    Ləbi şirin süxəndanım necola?

    Anam yoxdu gözlərindən yaş tökə,
    Halalım yox, sinəm üstə saç tökə,
    Qardaşım yox, qəbrim üstə daş tökə,
    Yarəb, mənim ağlayanım necola?

    Hayıf ola, ağ biləklər, bazılar,
    Ahum otlar ceyran ilə yazılar.
    Qohumum yox, qardaşım yox, qazılar!
    Yarəb, mənim hal-əhvalım necola?

    Bu gen dünya üstümüzə dar ola,
    Biz köçərik, yurdumuzda kim qala?
    Əhmədimin gül əndamı sarala,
    Mənim sərvi-xuramanım necola?

    Mən Qasımam, daha qalmadı tabım,
    Qızılgüldən çəkilibdi gülabım,
    Cədvəlkeş qur`anım, qırx cüzv kitabım,
    Üstü zərli qələmdanım necola?


    ___________________________________

    ALINCA

    Ay ariflər, bir tərlanım uçubdu,
    Sağ əlimdən sol əlimə alınca.
    Onu tutan xeyrü-bəhrin görməsin,
    Mən yazığın naləsi var dalınca.

    Gümüş kəmər bağlayıbdı belinə,
    Danışdıqca mail oldum dilinə,
    Gül uzatdım nazlı yarın əlinə,
    Canım aldı, gülü məndən alınca.

    Alimdən dərs aldım əlif-bey üçün.
    Surahilər düzülübdü mey üçün,
    Dəli könül, qəm çəkirsən nə üçün?
    Qəmli günün şad günü var yanınca.

    Xəstə Qasım və`də verdi yüz ilə,
    Yaşılbaşlar göldən-gölə düzülə.
    Bir igid ki, qatarından üzülə,
    Ölüm yeydi, bu dünyada qalınca.

    _______________________________

    OLA

    Bir gözəl sevəsən boyu tamaşa,
    Görən kimi könül ona bənd ola.
    Gözəlliyi, gül camalı bir yana,
    Dil-dodağı şəkər ola, qənd ola.

    Bir gözəl sevəsən qaməti bəstə,
    Görəndə aşiqi eyləyə xəstə,
    Çoxdan axtarıram bir elə kəsdə,
    İşarə anlaya, dərdimənd ola.

    Mən Qasımam, əl götürməm canandan.
    Canan qarşı gəlsə keçərəm candan,
    Rəngi artıq ola güldən, reyhandan.
    Zülfləri boynuma bir kəmənd ola.

    __________________________________

    SAZ OLA

    Usta, məni gözlərinə fəda qıl,
    Səndən saz istərəm, amma saz ola!
    Dindirəndə imran dillə danışa,
    Şeyda bülbüllər tək xoşavaz ola!

    Yamanı yamana, yaxşını mərdə,
    Tə`rifini edim hər düşən yerdə,
    Dolaşmaya simlər, vurmaya pərdə,
    Gözəllər tək onda işvə, naz ola!

    Xəstə Qasım, sözüm söylərəm əyan,
    Elə car eylərəm, bəyanbəbəyan.
    Qiymətin soruşsan, tamam on tümən,
    Nə ondan çox ola, nə da az ola!

    _________________________________

    GÖRÜNCƏ

    Gözəllər gözəli, şahi-gülbədən,
    Didəm ağlar mən camalın görüncə.
    Aşıq deyər: görüncə,
    Siyah telin görüncə,
    Get bir mərdə qul ol sən
    Namərd üzün görüncə.
    Mina gərdən, büllur buxaq, diş inci,
    Çəkilibdi hilal qaşlar gör incə.

    Kim yetikdi həqiqətin evinə,
    Həqiqətin, mə`rifətin evi nə?
    Aşıq deyər: evinə,
    Xanəsinə, evinə,
    Yağıb qəmlər yağışı,
    Viran könlüm evinə.
    Dolanmayın heç namərdin evinə
    Gözü çıxar bir qonağı görüncə.

    Kim cahanda aşıq oldu a vara,
    Dolandı dünyanı qaldı avara,
    Aşıq deyər: avara,
    Məcnun gəzər avara,
    Uyma namərd fe`linə,
    Səni qoyar avara.
    Xəstə Qasım, nə gəzirsən avara,
    Ölüm yeydi bu günləri görüncə.


    _________________________________

    ƏLİMDƏ

    Üç gündü çıxmışam o Tikmədaşdan
    Qapına gəlmişəm canım əlimdə,
    Ayağın torpağı qovma qapından,
    Sızıldaram, giribanım əlimdə.

    Şeyda bülbül kimi yaman ağlaram,
    Sinəm başın düyünlərəm, dağlaram,
    Ləzgi kimi yüz aşığı bağlaram,
    Əgər olsa süxəndanım əlimdə.

    Xəstə Qasım, kəsilibdi xitabım,
    Qızılgül tək çəkilibdi gülabım,
    Büllur qaşlı, qızıl üzlü kitabım,
    Yoxdur zərli qələmdanım əlimdə


    ____________________________________

    OLMAZ

    Adam oğlu, mə`rifəti dürüst bil,
    Yol ərkan bilənin yeri dar olmaz.
    Sirrini söyləmə hər yetən yada,
    Bivəfa dilbərdə e`tibar olmaz.

    Atırsan oxunu, səhraya atma,
    Gecələr yatanda duasız yatma,
    Halal dövlətinə sən haram qatma,
    Bu dünya malından sənə var olmaz.

    İgid gərək mürvətini atmaya,
    Qəflət yuxusunda qafil yatmaya,
    Bir oğul ki, böyük sözün tutmaya,
    O kimsədə namus, qeyrət, ar olmaz


    ________________________________

    ÜZHAÜZ

    Həqiqət bəhrində qəvvasam deyən,
    Qəvvas isən, gir dəryaya üzhaüz.
    Aşıq deyər: üzhaüz,
    Sonam göldə üzhaüz,
    Qarı düşmən dost olmaz.
    Yalvararsan üzhaüz.

    Bir mərd ilə ilqarını vur başa,
    Namərd ilə kəs ülfəti üzhaüz.

    Parçalandı gəmim, qaldı dərində,
    Qərq oldu ümmana, qaldı dərində.
    Aşıq deyər: dərində,
    Dayazında, dərində,
    Sidqi, qəlbi düz olan,
    Hərgiz qalmaz dərində.

    Qismət olsa o mövlanım dərində,
    Üz döşəyək, səcdə qılaq üzhaüz.

    Xəstə Qasım cananına can deyə.
    Can danışa, can eşidə, can deyə.
    Aşıq deyər: can deyə,
    Vəfalıya can deyə,
    Görmədim hərcayılar,
    Cananına can deyə.

    Yox vəfalım, can deyənə can deyə,
    Bivəfasan, çək əlini üzhaüz.

    ________________________________

    GETDİ

    Necə qəhrəmanlar gəldi dünyaya,
    Köç vaxtı yetişdi, tez oldu getdi.
    Rüstəmin zərbindən titrədi dağlar,
    Düşdü dastanlara söz oldu getdi.

    Hakimlik eylədi çox uzun vaxtı,
    Bütün kainata Süleyman baxdı.
    Tərsinə döndü şah Cəmşid taxtı,
    Firudinin dərdi yüz oldu getdi.

    Necoldu Keykavus, hanı Keyqubad,
    Hansı bu dünyadan almışdı murad?
    Allahlıq eylədi Fir`onla Şəddad,
    Nəmrudun qalası düz oldu, getdi.

    İskəndər Daranı taxtından saldı,
    Cahana şah gəldi, sonu nə aldı?
    Yarı yolda öldü, Misirdə qaldı.
    Qasım kimi yandı, köz oldu getdi.


    _________________________________

    AHULAR MƏNİ

    Gecə-gündüz ağlaram mən dərində,
    Qocaltdı nalalar, ahular məni.
    Yarəbim, bu dərdü-nalam eşidib,
    Gəlibdi qapında, ahular məni.

    Həkkak istər həkk etməyə qaimdi,
    Həqiqətin qapısında qaimdi,
    Çox yaxşıdı öz dinində qaimdi,
    Cahil müsəlmanlar ahular məni.

    Xəstə Qasım, kim yaraşır əğyara,
    Bayqunu gör, məskən salmış ağ yara,
    Bilmənəm ki, neyləmişdim əğyara,
    Yatar, durar, hər dəm ahular məni.




    ♥♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥♥
    ♥♥---==-♥♥°° ------ Sən bizimsən bizimsən,
    Durduqca bədəndə can
    Yaşa yaşa çox yaşa
    Ey şanlı AZƏRBAYCAN ------ °°♥♥-==---♥♥
    ♥♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥♥


  6. Azerbaycan_Qizi Kullanicisina Bu Mesaja görə Təşəkkür Edənlər:

    yurd sevan (Monday 27 July 2009-1)

  7. #4
    İrazturk forumun Müəlliməsı Azerbaycan_Qizi's Avatar
    Qeydiyyat
    Oct 2008
    Ünvan
    Azərbaycan
    İsmarıclar
    1,094

    Level: 38 
    Təcrübə: 1,328,986
    Next Level: 1,460,206

    Thanks
    2,061
    Thanked 3,987 Times in 1,056 Posts

    Post Xəstə Qasım-qoşmalar

    Xəstə Qasım-qoşmalar

    YAYILAN MƏNİ


    Payız dərdim, qış möhnətim, yaz mənim,
    Hicran tapdaq etdi yayılan məni.
    Götü qələm, sərxəttimi yaz mənim,
    Qoyma dərgahından yayılan məni.

    Hüsn içində yar almısan, yar alım,
    Soruşmadın halın nədir, yar alım,
    Gəncin üstən götürmərəm yar əlim,
    Ya əqrəb dişləyə, ya ilən məni.

    Məhrum olmaz, şəcər qucub nar əmən,
    Sənsiz getməm behiştə mən, narə mən,
    Təəcüb qaldım qoynundakı narə mən,
    Niyə atar sərxoş yay ilan məni?

    Xəstə Qasım gördü, əmanə gəldi,
    Qəvvaslar dürr üçün əmanə gəldi
    Sinəm ox zərbindən əmanə gəldi,
    Dəxi nə tapdarsan yayılan məni.


    __________________________________

    NAMƏNİ

    Qəriblikdə qəmxarımsan, əzizim,
    Yetirəsən bir də dosta naməni.
    İkidilli yardan həzər eylərəm
    Salır dildən-dilə, dastana məni.

    Qarşı durdum Leyli dağı göründü
    Boyun tək sürahi, sağı göründü,
    Qoynunda şamama tağı göründü,
    Bəs niyə qoymursan bostana məni?

    Ağzını oxşatdım zənbura, şana,
    Naşı bülbül uçub qonar gülşana,
    Yar, qəmzənə sinəm tutdum nişana,
    Bəs niyə vurmursan, qəsdən, a məni?

    Mən Qasımam, uzaq atdım daşımı,
    Didəmdən axıtdım qanlı yaşımı,
    Dost yolunda mən qoyaram başımı,
    Doğru qəbul etsə astana, məni.


    _________________________________

    AL İNDİ

    Nə müddətdi həsrətini çəkirdim,
    Zənəxdanı etdin mənə al indi.
    Talan salmış Hində, Bəlxə, Həbəşə,
    O qaş indi, o göz indi, xal indi.

    Məclisində al şərablar içilir,
    Buxağından ətri-güllər saçılır,
    Dindirəndə dəhanından açılır,
    Şəkər indi, nabat indi, bal indi.

    Qurban olum ənisinə, elinə,
    Zərnişan şəddəsin çalmış belinə,
    Payəndazdı nazlı yarın yoluna,
    Bu baş indi, bu can indi, mal indi.

    Yar geydiyi atlas ilə xaradı,
    Məni qoyub özgələrə varadı,
    Ay ağalar, mənim baxtım qaradı,
    Kitab açdım, belə gəldi fal indi.

    Xəstə Qasım, dost kuyinə varanlar,
    Namus anlar, qeyrət anlar, ar anlar,
    Hərf içində əlif idim, yaranlar!
    Fələk əydi qəddim, oldum dal indi


    ________________________________

    İNDİ

    Qəm əlindən şikəstəyəm, ovrağam,
    Dilim eylər nalə indi, zar indi.
    Xeyli vaxtdı camalına müştağam.
    Soruş indi, danış indi, yar, indi.

    Bizim yerdə naz çəkməyə tab olmaz,
    Vallah, hüsnün kimi mahitab olmaz,
    Şuxluğuyla məmələrə bab olmaz,
    Narınc indi, turunc indi, nar indi.

    Mənim yarım illərətən sağ ola.
    Dörd çövrəsi behişt ola, bağ ola,
    Nə həddi var sədrin kimi ağ ola,
    Kağız indi, bəyaz indi, qar indi.

    Bülbül olan hərgiz dönməz gülündən,
    Dindirərsən bal tökülər dilindən.
    Yeddi yerdən sarmaşıbdı belindən,
    Xəbərdar ol, səni çalar mar indi.

    Mən Qasımam, miskin-miskin baxaram,
    Ümman olub dəryalara axaram,
    Ah çəkəndə yandırıban yaxaram.
    Dolanmasın gül yanına xar indi.

    _______________________________

    QAL İNDİ


    Obalarmız səf-səf olub yüklənir,
    Başı ala qarlı dağlar, qal indi.
    Biz içmədik abi-kövsər suyundan,
    Soyuq sular, tər bulaqlar, qal indi.

    Bivəfasan, heç görmədim vəfan, yar!
    Tifil ikən çox çəkmişəm cəfan, yar!
    Mən öləndə kimlər sürər səfan, yar?!
    Fərş döşənmiş ağ otaqlar, qal indi.

    Bivəfasan, vəfan yoxdu dünyada,
    Aşnanın sirrini verərsən yada.
    Şamamanı dərdirərsən xoryada,
    Səbzə-bostan, sarı tağlar, qal indi.

    Xəstə Qasım, tamam oldu sözlərim,
    Eşq ucundan kabab oldu közlərim,
    Qərib yerdə, yad ölkədə gözlərim,
    Vətən deyib ağla, ağlar qal indi.

    ________________________________

    YAXŞIDI


    Dəli könül, məndən sənə əmanət,
    Demə bu dünyada qalım yaxşıdı.
    Bir gün olar, qohum-qardaş yad olar,
    Demə ulusum var, elim yaxşıdı.

    Bir məclisə varsan, özünü öymə,
    Şeytana bac verib, kimsəyə söymə,
    Qüvvətli olsan da, yoxsulu döymə,
    Demə ki, zorluyam, qolum yaxşıdı.

    Qoçaqdan olubsan, qoçaq olgunan,
    Qadadan, baladan qaçaq olgunan,
    Aşıq ol, comərd ol, alçaq olgunan,
    Demə varım çoxdu, pulum yaxşıdı.

    Xəstə Qasım kimə qılsın dadını,
    Canı çıxsın, özü çəksin odunu,
    Yaxşı igid yaman etməz adını,
    Çünki yaman addan ölüm yaxşıdı.


    _____________________________________

    DİVANASIDI

    Gecə-gündüz həsrətini çəkdiyim,
    Xəyalım xəyalın divanasıdı.
    Məni səndən uzaq salan seyrağıb,
    Bu çərxi-gərdişin zamanasıdı.

    Mina boylu, siyah telli sevdiyim,
    Uzaq durub yaxın sözüm dediyim,
    Acı sözün şəkər kimi yediyim,
    Yarım gözəllərin beyvəfasıdı.

    İnsaf eylə a beymürvət, a zalım,
    Dolanıb başına dərdini alım,
    Ala gözlü, şux baxışlı tərlanım,
    Bu Qasım gözlərin sadağasıdı.


    ________________________________

    QURBANI

    Qəriblikdə mənə həmdəm olan yar,
    Bir bəri gəl, ayaqların qurbanı!
    Şikəstə könlümə məlhəm olan yar,
    Dilin, dişin, dodaqların qurbanı!

    Könlüm istər yara qurban olmağa,
    Dolanıb başına, heyran olmağa,
    Ala gözlü yara mehman olmağa,
    Fərş döşənmiş otaqların qurbanı!

    Xəstə Qasım, sən yolundan azarsan,
    Məcnun kimi səhraları gəzərsən,
    Ala gözlü yara namə yazarsan,
    Qələmdanın, barmaqların qurbanı!


    _________________________________

    AŞNALIĞI

    Ay ağalar, gəlin sizə söyləyim,
    Əzəl yaxşı olar, yar aşnalığı.
    Sən sevəsən, yarın səni sevməyə,
    Olar bülbül ilə xar aşnalığı.

    Bağban odur zəhmət çəkə, əlləşə,
    Saldığı bağ çiçəkləşə, gülləşə.
    Əgər gücsüz güclü ilə güləşə,
    Olar tərlan ilə sar aşnalığı.

    Xəstə Qasım qəm əlindən məst ola,
    Əhli-dərviş xırxasında pust ola,
    Bir adam ki, loxma ilə dost ola,
    Olar yağış ilə qar aşnalığı.


    _______________________________

    QALIBDI


    Köhnə Şamaxının seyrin eylədim,
    Əl dəyməmiş təzə bağlar qalıbdı.
    Elə köçüb gedib ulusu, eli,
    İşlənməmiş ağ otaqlar qalıbdı.

    Fələk, şad könlümdən alma həvəsi,
    Ayırma yarımdan, tutaram yası,
    Necə oldu bu seyvanın yiyəsi?
    Dərd-qəmi var, tamam ağlar qalıbdı.

    Xəstə Qasım adım, şaha deyili,
    Çərxi-fələk, səndən mənəm gileyli,
    Elə köçüb gedib bivəfa Leyli,
    Bircə Məcnun, bir də dağlar qalıbdı.


    _______________________________

    SƏNƏM, GƏL

    Tə`rifli gözəllər gəlhagəl oldu,
    Yaşıllı, zərbaflı, allı Sənəm, gəl!
    Ovçunu görəndə maral baxışlı,
    Ay üzü birçəkli, xallı Sənəm, gəl!

    Aşıq odur bir söz desin özündən,
    Aləm bada gedər ala gözündən,
    Danışanda şəkər damar sözündən,
    Qaymaq dodaqları ballı Sənəm, gəl!

    Xəstə Qasım deyər: hənək hənəkli,
    Ağ üzündə qoşa xallar bənəkli,
    Ətlas nimtənəli, ipək köynəkli,
    Üstü başı tirmə şallı Sənəm, gəl!




    ♥♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥♥
    ♥♥---==-♥♥°° ------ Sən bizimsən bizimsən,
    Durduqca bədəndə can
    Yaşa yaşa çox yaşa
    Ey şanlı AZƏRBAYCAN ------ °°♥♥-==---♥♥
    ♥♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥♥


  8. Azerbaycan_Qizi Kullanicisina Bu Mesaja görə Təşəkkür Edənlər:

    yurd sevan (Monday 27 July 2009-1)

+ Reply to Thread

Visitors found this page by searching for:

aşıq Xəstə Qasım

Qurbani və Xəstə Qasım

ay həzərat dağa qar düşdü

Neçə qəhrəmanlar gəldi dünyaya

azərbaycan 18əsr

Xəstə Qasım

qurbani qasim

azeri balasi asiq deyişmələr

bir gözəl sevəsən qaməti

xəstə qasim kitab

SEO Blog

Tags for this Thread

Bölmədə hüquqlarınız

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts

Search Engine Friendly URLs by vBSEO