Bizim də klaviamız olacaqmı?
Vacib giriş
Ermənilərin internet savaşındakı uğurlu hücumları - bizim Web-səhifələrimizi dağıtmaları ziyan gətirsə də, xeyri də az olmadı. Ən böyük xeyri isə korrupsiyaya başı qarışmış iqtidarda internet barədə təsəvvür yaratması oldu. İqtidar gördü ki, hakimiyyəti saxlamaq üçün heç də bütün təbliğat kanallarından istifadə etməyib. Ermənilərsə bizim müxalifətdən fərqli olaraq, nümayiş etdirdilər ki, Əliyev rejimindən zəif deyillər. İnternetdə [Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ] səhifəsi peyda olanda iqtidar adəti üzrə hansısa bəd əməlin xaricdən gəldiyinə inanmadı - bunu daxili qüvvələrin əməli kimi qələmə verməyə çalışdı. Sonra mə`lum oldu ki, bunu daha təcrübəli həriflər düzəldib. Bir az sonra isə mə`lum oldu ki, həmin həriflər təkcə prezidentin deyil, həm də onun qohum-əqrəbasının adlarına web ünvanlarına sahib olublar. Məsələn, internetdə ww.ilhamaliyev.com və ya [Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ] ünvanları artıq "məşğuldur" (ekranı onun hələlik qurulmaqda olması haqqında mə`lumat zəbt edib).
Mətləbə keçməzdən əvvəl Azərbaycanda illər uzunu həll olunmamış daha bir kompüter problemi barədə söz açmaq istərdik. İnternetdə səhifə açdırmaq və web-ünvanlara malik olmazdan qabaq məhz bu problemi, başqa sözlə, əlifba və klavia (hərf-simvolların düzümü) problemini həll etmək lazımdır. Bu problemlər də internet kimi indiki iqtidarın yadına düşmür. Uzaqgörənlik olmasın, amma vaxt keçəcək, əhalinin əksər hissəsi bu məsələlərə (indiki problemlərə) dövlət atributları kimi baxacaq.
Haşiyə:
Latın əlifbasının bərpa olunması haqqında qərar 1991-ci il dekabrın 25-də verilsə də, biz hələ də Kirilldən ayrıla bilmirik. Latın qrafikasından əlifbadan başlayaraq istifadə edən nəslin yetişməsinə baxmayaraq, cəmiyyətin çox hissəsi təzə əlifbanı görəndə qorxur.
Azərbaycan hərflərinin simvolları və klavia problemi
Kompüterdə işləməyi bacaranlar yaxşı bilir ki, Azərbaycanın özünün hərf düzülüşü olan klaviası yoxdur. İstər Kirill, istərsə də latın qrafikasında. İlk fərdi kompüterlər Bakıya gətiriləndən indiyədək biz, əsasən ingilis-rus tipli klaviadan istifadə edirik. Əlifbamızda rus hərflərindən fərqli hərflərin düzülüşü, onların işarə olaraq yazılışı üçün azeri.bat tipli drayver dəyişdirmə proqramlarının tətbiqi probleminisə hər kəs öz bildiyi kimi həll edir. Əlbəttə ki, burada heç bir standartdan və unifikasiyadan söhbət gedə bilməz. Kimsə evində və ya ofisində oturub öz fərdi kompüterində yazılmış proqramların köməyi ilə hər hansı mətni yazıb çap edə bilir. Burada, necə deyərlər, problem yoxdur. Problem həmin mətnin faylını kənara çıxarıb başqa kompüterdə redaktə edəndə, çapa verəndə, illah da ki, tərtib edəndə (kitab, qəzet və s.) yaranır. Iurnalistlər və başqa yaradıcı adamlar belə problemlərlə çoxdan tanışdır. Amma ayrı-ayrı fərdlər ölkəmiqyaslı problemi necə həll edə bilərlər? Bu cür problemlərin yalnız bir həlli olur ki, bunu da dövlət öz üzərinə götürməlidir.
"Windows 2000"də Azərbaycan əlifbası
![]()
Dövlət orqanlarını bu problem tamamilə maraqlandırmır, - desəydik, bu, ədalətsizlik olardı. Ötən ilin yayından dünyaca məşhur əməliyyat sistemi və ya proqram-təbəqə olan "Windows 2000" beta versiyası bazarlarda peyda olarkən mə`lum oldu ki, bu proqram-təbəqədə artıq Azərbaycan əlifbası da yerləşdirilib. Bu o demək idi ki, həmin proqram-təbəqəsi olan hər kəs dünyanın istənilən guşəsində heç bir kənar köməkçi proqramlar yükləmədən azərbaycanca istənilən redaktor və qrafiki proqramlarda yaza və onu çap edə bilər. həmçinin həmin faylı "Windows 2000" olan başqa kompüterlərdə aça bilər. Proqram-təbəqəyə (daha dəqiqi, onun unikoduna) həm Kirill, həm də latın qrafikası salınıb. Kirill qrafikası bizim hələlik işlətdiyimiz rus düzülüşlü klavia tipinə uyğunlaşdırılıb. Yə`ni "ə" hərfi "z" hərfinin yerində və s. Latın qrafikası isə ingilis klavia tipli hərf düzülüşü ilə yerinə yetirilib. İngilis dilində olmayan hərflərimiz isə qıraq-bucaqda yerləşdirilib. Məsələn, "ə" hərfi ingilis klaviasındakı dırnaq işarəsinin ("Enter"in yanında) yerinə oturdulub, "ü" hərfi isə "w" hərfinin (sonradan bu konfiqurasiya da dəyişdirilmiş, "w" hərfinin yerinə "ə" hərfi qoyulmuşdur R.M.) Burada latında yazılmış mətni Kirillə və əksinə çevirmək mümkün deyil (bu, texniki cəhətdən də mümkün deyil). Vətəndaşlarımız ikisindən birini seçməli olacaq. Latın əlifbamızın klavia hərf düzülüşü, fikrimizcə, o qədər də uğurlu deyil. Bu barədə aşağıda təkliflərimiz olacaq. Amma bütün bunlar məsələnin texniki tərəfləridir. Azərbaycanın adının dünyanın ən məşhur proqramında getməsi isə əvəzedilməz mə`nəvi dayaqdır.
Bu işi kimin gördüyü ilə maraqlandıq. Çətinliklə də olsa (bu barədə indiyədək heç yerdə mə`lumat verilməyib), öyrənə bildik ki, bu işi Prezident Aparatında İnformasiya Resursları və Texnologiyaları Mərkəzi adlı bir qurum həyata keçirib. Mərkəzin rəhbəri Elmir Vəlizadə bizimlə söhbətində belə işlərlə çoxdan məşğul olduqlarını və Maykrosoft şirkəti ilə danışıqlarından söhbət açdı. "Windows 2000"də təkcə Azərbaycan əlifbasının deyil, həmçinin həftənin günlərinin, ayların adının və pul vahidinin əks olunduğunu da bildirdi.
Prezident Aparatındakı qrupun fəaliyyəti öz-özlüyündə Azərbaycan üçün çox səmərəli bir işdir. Amma qeyd etmək lazımdır ki, hər halda bu, ayrı-ayrı orqanların təşəbbüsü olaraq qalır, dövlət əhəmiyyəti kəsb eləmir. Məsələnin həllində mütəxəssislər çalışsa da, ictimai rə`y qətiyyən nəzərə alınmayıb. Bizim isə öz təkliflərimiz var.
Əlifbamızdakı qüsurlar
Bir dəfə bu yazının müəllifinin adına Almaniyadan məktub gəlmişdi. Hədənsə zərfin üstündəki ad Kirill hərfləri ilə belə yazılmışdı: "Rafikyu". Burada adımın təhrif olunmasında nə mənim, nə də almanların günahı var. Ad latın qrafikası ilə azərbaycanca Rafiq yazıldığından onlar hərfən necə səslənirsə, rus dilində eləcə də yazmışdılar ("q" hərfi almanca "kyu" kimi səslənir). Almanlar haradan biləydilər ki, bütün dünyada "q" səsini "g" hərfi daşıdığına baxmayaraq, bizdə "q" hərfi daşıyır. Əgər bu, doğrudan da latın qrafikasıdırsa, latın əlifbasında "q" səsini "g" hərfi də daşıyır.
Əlifbamızdakı bu qüsurun kuryozları çoxdur. İnternetdə işləyənlər bunu gözəl bilirlər. Əlifbamızda "g" səsini verən, əslində "q" hərfinin simvolu olan "g" hərfi "g" səsinə daha uyğun olan "q" simvolu ilə dəyişik düşüb. Fikrimizcə, həmin simvolların yeri dəyişilərsə, bu problem aradan qalxar.
Başıbəlalı "ə" hərfi
Əlifbamızın daha böyük qüsuru isə başıbəlalı "ə" hərfidir. Birinci dəfə 1991-ci ildə latın əlifbası bərpa olunan zaman bu səsi "a" üstündə 2 nöqtə ilə əvəz etmişdilər. Çünki əsl latın əlifbasında bu səsə uyğun simvol yox idi. "Papaqlı" "a" simvolu əslində o qədər də uğurlu seçilməmişdi. Sonradan Milli Məclisdə deputatlar yığıncaq keçirərək həmin simvolu elə Kirilldəki köhnə "ə" simvolu ilə əvəz etmək qərarına gəldilər. Yaxşı xatirimdədir ki, rəhmətlik Yusif Səmədoğlu çıxış edərək köhnə "ə" hərfinə öyrəşmişik (!) deyə arqument gətirdi və beləliklə biz latın əlifbası dünyasında analoqu olmayan "ə" hərfli latın qrafikasına keçdik. "Ə" hərfinin simvolu o qədər uğursuz seçilib ki, Windows kimi nəhəng proqramın ilkin versiyalarında istifadə olunun unikod deyilən simvollar sistemində bu işarə yox idi. Yeri gəlmişkən qeyd edək ki, "Windows 2000"in beta versiyasında Azeri (lat) əlifbasında da "ə" hərfi yanlışlıq yaradır, yə`ni bütün qalan hərflər normal yazıldığı halda, bu hərf ekranda görünmür ("Windows 2000"in normal versiyası Bakıya hələ gəlib çatmadığından həmin səhvin orada da qalıb-qalmaması barədə mə`lumatımız yoxdur). Əlbəttə, yaxşı olardı ki, unifikasiya naminə "ə" hərfinin simvolundan tamamilə imtina edək. Səs, təbii ki, qalacaq. Bu, Türkiyədə də belədir. Hesab etmək olar ki, onsuz da əvvəl-axır bu qərara gələcəyik. İctimai rə`y buna hazır olmadığından onu, məsələn (fikrimizcə, ən uğurlusu) "papaqlı" "e" ("é") hərfi ilə əvəz etmək olardı. [Forumda Tapılan Linkleri təkcə üzvlərimiz Görə bilər. ]
Əgər əlifbamızdakı simvolların bircəciyindən başqa hamısı Türkiyədəki kimidirsə bu simvolu nəyin naminə saxlamaq lazımdır?! Bəlkə doğrudan da bircə hərfə görə Azərbaycan üçün dəyişik "DOS" və Windows əməliyyat sistemləri, şriftlər, heca proqramları, translyatorlar, lüğətlər, internet kodları və s. yaratmaq lazımdır. Kimsə deyə bilər ki, bəli lazımdır, buna ehtiyac var! Onda sual meydana çıxır ki, bütün bunları kim, nə müddətə və hansı vəsaitlə yaradacaq?! Amma bu işarəni dəyişməklə biz bir həftəyə bütün kompüter simvolları problemlərimizi həll edərdik.
Bizə hansı tip klavia yarayır?
Fikrimizcə, əlifbadakı "ə" simvolu məsələsini "həll etdikdən" sonra Türkiyədə hazırda ən çox işlədilən "Q-klavia" adlı sistemə keçmək olar. Bu klavia tipində ingilis hərfləri dünyada ən çox işlənən standart tip üzrə düzülüb, ingilislərdə olmayan hərflər isə, şəkildən göründüyü kimi, qıraq-bucaqda yerləşdirilib. "Papaqlı" "e" hərfini yazmaq isə o qədər də çətin deyil.
Kompüterin imkanları bütün ehtimallarla işləməyə imkan verir, biz öz vərdişlərimizdən əl çəkməyə də bilərik, hər şeyi olduğu kimi saxlaya da bilərik, amma gələcək nəsillərə bizim vərdişlər qətiyyən lazım olmayacaq.


LinkBack URL
About LinkBacks

canim azerbaycan






Reply With Quote




