Cümənin qəzəbi
Bir neçə il idi ki, quraqlıq keçdiyindən ayrımların əkin-biçini əmələ gəlmirdi. Quraqlıq bir dərəcədə idi ki, baharın orta ayında otlar saralıb, quruyurdu, çiçəklər solurdu, ağacların yarpaqları tökülüb, çılpaq qalırdı; dərə, təpə, çöl, çayır payız vaxtı kimi qəmgin və çılpaq bir halda görünür. Mal, heyvanın otlaması üçün nə ot və nə saman tapılırdı. Yazıq heyvanlar acından qırılıb, tələf olurdu. Get-gedə kəndi kasıblıq və bədbəxtlik bürüyürdü…
Bir gün kəndin ağsaqqalları yığışıb, məsləhət elədilər ki, «Allah nə üçün bizə qəzəb eləyir və göydən yağış yağmayır?»
Təcrübəli və ağsaqqal bir ayrım dedi:
- O vaxt ki, Cümə kişi kənddə idi, hamı işimiz öz yolu ilə gedirdi, Allah bizdən yağışını kəsmirdi. Elə ki, Cüməni yaddan çıxartdıq və Cümə də acıq eləyib kənddən getdi, o zamandan bəri Allah yağışını və rəhmətini bizdən kəsibdir. Gərək hər necə olsa yenə Cüməni tapıb, kəndə gətirək, tainki Allah bizə yağış və bərəkət göndərsin. Çünki Cümə müsəlmanların həftə bayramlarıdır!
Hamısı bu məsləhəti bəyəndi və qərar qoydular ki, Cüməni axtarmağa çıxsınlar. Ayrımlar iki böyük dəstə olub, Cüməni axtarmağa getdilər.
Birinci dəstə Cüməni axtara-axtara qalın meşəli bir dərəyə yetişir. Ayrımlardan biri görür ki, zorba bir ağac kötüyündən quruyub, dərənin içinə sallanmışdır. Yoldaşlarına deyir:
- Həri, huy…
Yoldaşları deyir: – Huy…
-Huy…, bu quru ağacı görürsünüzmü? Nə yaxşı odundur. Gəlin bunu qırıb, kəndə aparaq.
Amma ağacı qırmaqda hamısı aciz olur. Çünki ağac çox uca və yoğun idi. İçlərində biri deyir:
- Mən bunu qırmağa bir çarə tapmışam. Mən ağaca çıxaram və ağacın
başından əllərimlə möhkəm yapışıb, dərəyə sallanaram. Siz də mənim ayaqlarımdan və bir-birinizin ayağından tutub, dərəyə sallanarsınız. Bu cür gücümüzü salıb ağacı dibindən qırarıq.
***
Hamısı bunun məsləhətinə afərin deyib razı oldular. Haman məsləhət görən adam ağaca çıxıb sallanır; o biriləri də bir-birinin ayağından tutub, dərəyə sallanırlar. Bunlar nə qədər güc edirlərsə, ağacı sındıra bilməyirlər. Məsləhət verən adam qışqırır:
- Hələ Huy…
Yoldaşları:
- Huy…Huy…
- Siz bir-birinizdən tutun. Bircə mən əllərimə tüfürüb, yaşlayım.
Bunu deyib, əllərini ağacdan çəkir və dərhal hamısı dərəyə tökülüb, parça parça olurlar.
İkinci dəstə dəxi Cüməni axtara-axtara qaya ətəyində bir mağaraya yetişir. Bu mağara şir yuvası imiş. Mağaranın ağzından içərisinə baxanda, şirin iki məşəl kimi yanan gözlərini görüb: «Tapmışıq, tapmışıq! Cümə burda gizlənibdir!»- deyə bağırırlar. Amma Cüməni mağaradan nə tövr çıxarmaq yolunu tapa bilmirlər. Təcrübəli ağsaqqal bir kişi deyir:
- Mən mağaraya girib, Cüməyə yalvararam, əgər xoşluq ilə gəlsə heç!..
Xoşluq ilə gəlməsə, o vaxt zor və güc ilə durub ayaqlarımı da tərpədərəm; onda siz də mənə kömək edib, ayaqlarımdan çəkin ki, Cüməni bir tövr çıxarıb kəndə aparaq.
Bunu deyib, mağaraya girdi. Şir dərhal pəncəsini uzadıb, kişinin başını yarpaq kimi qopartdı. Kişinin ayaqları hərəkət etməyə başladı. Bu vaxt ayrımlar: «Çəkin, çəkin! Cüməni tutubdur!» deyə ayaqlarından tutub çəkdilər, kişini başsız görüb biri dedi:
- Bəs bunun başı hanı?
O birisi dedi:
- Görünür ki, bunun əvvəldən başı yox imiş!
Ayrısı dedi:
- Yox, yox idi!
Bu qayda ilə höcət etməyə və savaşmağa başladılar. Axırda içlərindən bir az
ağıllısı dedi:
- Canım, neçün savaşırsınız? Gedək bunu kənddə öz arvadından soruşaq.
Necə olsa, o bilər. O hər nə desə, biz də razı olaq.
Hamısı kəndə onun arvadının yanına gəldilər. Əhvalatı söyləyib soruşdular:
- De görək, sənin kişinin başı var idi, yoxsa yox?
Arvad bir qədər fikirdən sonra dedi:
- Başı olduğunu bilməyirəm, amma yadıma gəlir ki, saqqalı hərəkət edirdi.
Hələ indiyəcən ayrımlar Cüməni tapa bilməyiblər. Ona görə hər cümə
Axşamı gecələr bərk tufan və burağan qopur. Ayrımlar bir yerə yığışıb, qorxa-qorxa: «Allah, Sən rəhm elə, yenə Cümənin bizə qəzəbi keçibdir!» deyib, yalvarırlar, ağlayırlar; amma boran daha da şiddət eləyir, ağacları sındırır, damı-bacanı bürüyüb-bükür, mal və heyvanatı qırıb, tələf eləyir və bərəkəti kəsib bir çox bədbəxtliklər törədir.


LinkBack URL
About LinkBacks





Reply With Quote
