Sözün qiyməti
Varlı bir tacirin üç oğlu varmış. Tacir kiçik oğlunu hamısından çox istəyirdi. Böyük qardaşlar paxıllıq edib deyirdilər: «Atamız onu görəsən nəyə görə bizdən çox istəyir? Onun bizdən nəyi artıqdır?»
Çox çəkmədi ki, qardaşların narazılığından ata xəbər tutdu. Qardaşları razı salmaq üçün o, öz sevimli kiçik oğlunu bir dəfə də sınamağı qərara aldı.
Tacirin alma boyda çox qiymətli bir cavahiri varmış. Bu cavahir tacirin bütün var-dövlətinin yarısına bərabər imiş. Bir gün tacir hər üç oğlunu hüzuruna çağırtdırır. Oğlanlar atalarının qarşısında əmrə müntəzir dururlar. Tacir əlindəki cavahiri böyük oğluna verib dedi:
- Oğlum, bilirsən ki, bu cavahirin mənim bütün var-dövlətim qədər qiyməti var. Al, bunu yerə çal, qırılsın!
Böyük oğul cavahiri əlinə aldı, bir əlindəki cavahirə baxdı, bir də atasına baxıb dedi:
- Ata, belə qiymətli cavahiri mən yerə vurub qıra bilmərəm, hayıfdır.
Tacir: «Mərhaba oğlum», – deyib cavahiri ortancıl oğluna verir:
- Al, hünərin varsa, sən bu cavahiri yerə çal!
Tacirin ortancıl oğlu da böyük qardaşı kimi cavahiri qırmağa cəsarəti çatmır.
Axırda tacir cavahiri kiçik oğluna verib onu yerə vurub qırmasını tapşırır.
Tacirin ağzından söz çıxan kim kiçik oğlu cavahiri yerə çalıb parça-parça edir. Böyük və ortancıl qardaş kiçik qardaşlarının bu ağılsız hərəkətlərinə heyrət edirlər. Qardaşları bu vəziyyətdə görüb tacir kiçik oğlundan soruşur:
- Oğlum, sən bu cavahirin qiymətini bilə-bilə, necə oldu ki, onu heç elədin?
Kiçik oğul ehtiramla cavab verir:
- Ata, o cavahir nə qədər qiymətli olsa, sənin sözün mənim üçün daha qiymətlidir.
Müəllif: Abdulla Şaiq


LinkBack URL
About LinkBacks





Reply With Quote