ABŞ-ın "BÖYÜK AZƏRBAYCAN" PLANI
"İraq parçalanacaq, Kürdüstan yaranacaq və onun sərhədləri Türkiyənin içlərinədək uzanacaq, İraqın bir hissəsi yeni yaranmış Böyük Azərbaycanın torpaqları olacaq". ABŞ-ın xarici siyasət və diplomatiya sahəsində ən nüfuzlu nəşrlərindən sayılan "The Athlantic Monthly" aylığının yanvar-fevral sayında dərc olunmuş "İraqdan sonra" ("After İrag") redaksiya məqaləsində belə deyilir.
Demokratik Partiyaya yaxınlığı ilə tanınan dərginin ən tanınmış yazarlarından olan Ceffri Qoldberqin müəllifi olduğu analitik yazıda Yaxın Şərq, Mərkəzi və Ön Asiya, habelə Cənubi Qafqazdakı proseslərin perspektivləriylə bağlı təxminlər yer alıb. Ərsəyə gəlməsində istefada olan general Ralf Petersin də iştirak etdiyi baş məqalədə bildirilir ki, Yaxın Şərqin xəritəsi artıq yenidən cızılır.
"Bir dəfə karandaşla İraqın yeni xəritəsini cızdım. Orada Türkiyənin cənub-şərq əyalətləri gələcəkdə yaradılacaq Kürdüstan əraziləri kimi göstərilmişdi. Türklər o önəmsiz cizgilərə həddən ziyadə sinirləndilər. Lakin unutmayaq ki, "Vilson Bəyannaməsi"nin 12-ci maddəsində kürdlərə müstəqillik vəd olunub", - R.Peters bildirib. Müəlliflərin fikrincə, Aralıq dənizindən tutmuş Sind və Qanq çaylarının sahillərinədək, Fars Körfəzindən başlayaraq Böyük Qafqaz sıra dağlarınadək regionun xəritəsi yaxın illərdə ciddi şəkildə dəyişəcək. İlk əvvəl Fələstin dövləti yaranacaq, sonra Suriya və Livan parçalanacaq.
Bundan sonra İraq "Kürdüstan", "Sünni Respublikası" və "Şiə Cümhuriyyəti" adlı üç dövlətə bölünəcək.
"Kürdüstan" İraqın Mosul şəhərindən başlayaraq, Türkiyənin Diyarbəkir və Van şəhərlərinədək uzanacaq.
"İran bölünəcək. İndiki İranın şimalı bütünlüklə Azərbaycana birləşəcək və Böyük Azərbaycan yaranacaq. Bu minvalla azərbaycanlıların 45 milyon əhalisi olan dövləti təşəkkül taparaq regionun ən iri ölkələrindən birinə çevriləcək. Bu ölkə neft, təbii qaz, qızıl, daş kömür, metallar, uran və hətta vismutdan tutmuş, ən müxtəlif təbii ehtiyatlarla zəngin olacağından dünyanın böyük dövlətlərinin diqqəti Azərbaycana yönələcək. Yeni və böyük Azərbaycanın strateji müttəfiqləri ABŞ, İsrail, Gürcüstan və Türkiyə; rəqibləri isə parçalanmış İran ərazisində yaranmış yeni ölkələr, Rusiya, Türkmənistan və Ermənistan olacaq", - "Athlantic Monthly" bildirir.
Tarixçi Dafid Fromkinin dediyinə görə, bölgədəki bütün mövcud sərhədlər süni, dünyanın böyuk geosiyasi və hərbi gücləri tərəfindən müəyyən edilmiş "xəritə xətləri"ndən başqa bir şey deyil.
"Britaniya vaxtilə Fələstini iki yerə parçalayaraq Transiordaniyanın şərq hissəsində İordaniya Həşimi Krallığı yaratdı, qərb isə yəhudilərlə məskunlaşdırıldı. Osmanlı səltənəti çökəndən sonra isə Böyük Livan parçalandı, indiki Livanla Suriya yarandı. İraqın sərhədlərini xətkeşlə çəkildiyini, Hindistan, Pakistan və Əfqanıstanın sərhədlərinin İkinci Dünya Savaşından sonra formalaşdığını nəzərə alsaq, ərazi dəyişiklikləri qaçılmazdır", - D.Fromkin bildirib.
Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin eksperti, hərbi tarixçi Edvard Luttuak isə hesab edir ki, regionla İran, İraq, Suriya və Livandan keçəcək "şiə ayparası"nın yaranması qaçılmazdır.
Bundan savayı, Fələstinin şimalında "Qəzzə Əmirliyi", Ərəbistanın yarımadasının cənubunda "Böyük Yəmən" və şimalında "Druzistan", Sinay yarımadasında "Sinay Bədəvi Muxtariyyəti", Sudanın cənub vilayətlərində "Demokratik Sudan Respublikası", Misirin qərbində "Azad Misir Federasiyası", İran ərazisində isə "Bəlucistan", "Xuzistan" və "Türküstan", parçalanacaq Əfqanıstanda "Xəzəristan" və Pakistanın qərb vilayətlərinin də daxil olacağı "Puştunistan" yaranacaq.
Vaşinqtonda yerləşən Yaxın Şərq Siyasəti İnstitutunun direktoru Robert Satloff isə hesab edir ki, İranın şimalındakı ərazilərlə indiki Azərbaycanın birləşərək yeni dövlət əmələ gətirəcəkləri vaxt çox uzaqda deyil: "Hər şey hazırda müşahidə etdiyimiz proseslərin cərəyan etdikləri sürətdən asılıdır. Zənn edirəm ki, azərbaycanlıların bir araya gələcəkləri vaxt uzaqda deyil. ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra Tehran rejiminin aqoniyası başlayacaq, ölkədə rəsmi ideologiya olan "paniranizm" müstəvisində birləşdirilməyə səy göstərilən xalqların hər biri müstəqil inkişaf yolunu seçəcək".
Maraqlıdır ki, "Bütöv Azərbaycan"ın yaranacağını İraqdakı koalisiya güclərinin sabiq rəhbəri, amerikalı Pol Bremer də istisna etməyib.


LinkBack URL
About LinkBacks




Reply With Quote

